Azərbaycan Mərkəzi Bankı «McKinsey & Company» şirkəti ilə birgə maliyyə sektorunun modernizasiyası proqramını hazırlayır, yığım-tikinti bankının yaradılması imkanını öyrənir.
“Maliyyə sektorunun modernizasiyası üzrə nəzərdə tutulan irimiqyaslı tədbirlərin həyata keçirilməsi beynəlxalq əməkdaşlıqla hazırlanmış xüsusi proqramlarla təmin ediləcəkdir. "McKinsey” ilə birgə hazırlanan proqram çərçivəsində maliyyə inklüzivliyinin dərin diaqnostikası aparılacaq, müvafiq strategiya və konkret fəaliyyət planı hazırlanacaq”, - AMB-nin 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunur. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verib.
AMB vurğulayır ki, maliyyə sektorunun hərtərəfli və dərin diaqnostikasının aparılması üçün Dünya Bankı ilə FSAP İnkişaf Modulu Proqramı çərçivəsində əməkdaşlığa başlanıb.“Kapital və sığorta sektorlarının inkişafı üzrə də beynəlxalq ekspertlərin iştirakı ilə spesifik proqramlar hazırlanıb və onların icrasına başlanılıb”, - AMB qeyd edir.
Bütövlükdə, AMB 2021-ci ildə maliyyə sektorunun başlıca ekosistem problemlərinin həlli üçün hökumətlə sıx koordinasiyanı təmin etməyi planlaşdırır.
“Maliyyə-bank sektorunun dərinliyinin artırılması istiqamətində fəaliyyət gücləndiriləcəkdir. Bankların strategiyalarında biznes kreditləşməsinə diqqətin artırılması 2021-ci ildə də təşviq olunacaq.
Banklararası pul bazarının aktivləşdirilməsi banklar arasında resurs axınının sürətləndirilməsinə və beləliklə biznesin maliyyə resurslarına tələbatının ödənilməsinə xidmət edəcək”, - bank vurğulayır.
Regionlarda maliyyəyə çıxışın yaxşılaşdırılması xüsusi diqqətdə saxlanılacaq. Həmçinin, işğaldan azad edilmiş rayonlarda bank-maliyyə infrastrukturunun yaradılması qayıdış planlarının mühüm tərkib hissəsi olacaq.
“İpoteka kreditləşməsinin bazar mexanizmləri vasitəsilə genişləndirilməsi ölkədə əmlak-tikinti sektorunun inkişafında mühüm rol oynayacaq. Bu istiqamətdə yığım-tikinti bankının yaradılması məsələsinə baxılacaq”, - bəyanatda deyilir. **
A.Əzizov