Azərbaycan Mərkəzi Bankının 2021-ci ildə pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dəhlizində idarə olunması təşkil edəcək. Bu barədə AMB-nin 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunur. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verib.
AMB-nin məlumatına görə, noyabrda illik inflyasiya 2.4% təşkil edib. “Son 12 ayda inflyasiya ərzaq məhsulları üzrə 3.9%, qeyri-ərzaq məhsulları üzrə 1.2% və xidmətlər üzrə 1.1% təşkil edib. Pandemiyanın yaratdığı qeyri-müəyyənliklər fonunda istehlak və investisiya xərclərinin azalması ilə məcmu tələbin daralması başlıca antiinflyasiya amili kimi çıxış edir. Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməsi də təsir göstərib. Orta illik baza inflyasiya 2020-ci ilin 11 ayında 2% təşkil edib”, - bəyanatda qeyd olunur.
AMB-nin məlumatına görə, dekabrda ev təsərrüfatları arasında aparılmış sorğuya görə növbəti 12 ay üzrə qiymətlərin daha yüksək templə yüksələcəyini gözləyən respondentlərin xüsusi çəkisi 12% təşkil edib.
“2021-ci ilin ilk rübündə inflyasiyaya azaldıcı təsir göstərən amillərin üstünlüyünü qoruyacağı gözlənilir. Bu dövrdə dünya ərzaq qiymətlərində bahalaşma və epidemiya əleyhinə xərclərin artması məcmu tələbin azalması hesabına neytrallaşa bilər. Ortamüddətli dövr üzrə isə məcmu tələbin və beləliklə iqtisadi artımın bərpası inflyasiya proseslərinə təsir edən başlıca amillərdən biri olacaq”, - bəyanatda qeyd olunur.
Xəbər verildiyi kimi, 2020-ci ilin yekunları üzrə İqtisadiyyat Nazirliyi ölkədə orta illik inflyasiyanı 2,8% (2019-cu ildə - 2,6%), 2021-ci ildə - 3% səviyyəsində proqnozlaşdırır. **
A.Əzizov