Azərbaycan hökuməti azad olunmuş torpaqlara erməni işğalı dövründə dəyən zərərin detallı qiymətləndirilməsini həyata keçirəcək. Bu barədə maliyyə naziri Samir Şərifov deyib.
“Azərbaycanın azad olunmuş torpaqlarına dəyən zərərin ətraflı qiymətləndirilməsi və bu torpaqların bərpası üçün zəruri olan konkret məbləğlərin müəyyən olunması planlaşdırılır. Bu istiqamətdə iri beynəlxalq təşkilatlarla artıq məsləhətləşmələr başlayıb”, - Şərifov bu gün Milli Məclisin plenar iclasında 2021-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deputatların suallarına cavabında bildirib. Azad olunmuş ərazilərin bərpası üçün vəsaitin artırılması ilə bağlı əksər deputatlar tərəfindən qaldırılan məsələni şərh edən Şərifov qeyd edib ki, yalnız dəqiq məbləğ müəyyən olunduqdan sonra ayrılan vəsaitin həcminin artırılmasını nəzərdən keçirmək və onların maliyyə mənbəyini dəqiqləşdirmək mümkün olacaq.
“Bundan başqa, qeyd etmək lazımdır ki, bu il Azərbaycan iqtisadiyyatı üçün çətin olub və gələn il üçün büdcə, fikrimcə, imkanlarımız həddində proqnozlaşdırılıb. Əlavə vəsait cəlb olunmadan dövlət büdcəsinin xərclərinin artırılması mümkün deyil. Lakin gələn il ərzində bir sıra xərclər büdcənin cari xərcləri hesabına ödənilə bilər”, - nazir bildirib. **
Ə.Məmmədov