Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsi üçüncü oxunuşda qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
2021-ci il üçün DSMF-in kəsirsiz büdcəsinin gəlir və xərcləri 5 milyard 146 milyon 30,16 min manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2020-ci ilin göstəricilərindən 7,6% çoxdur.
2021-ci ildə fondun gəlirlərinin strukturunda 1 milyard 631 milyon 530,95 min manat (2020-ci illə müqayisədə artım 37,2%) dövlət büdcəsindən transfertlər hesabına formalaşacaq. Bundan başqa, fonda icbari sosial sığorta üzrə ayırmalar 3 milyard 502,5 milyon manat və ya bütün gəlirlərin 68,1%-i səviyyəsində, büdcə təşkilatlarında çalışanların icbari sığortası üzrə daxilolmalar 1 milyard 345,4 milyon manat, özəl sektordan daxilolmalar 2 milyard 157,1 milyon manat məbləğində, qalan daxilolmalar sair mənbələr üzrə proqnozlaşdırılır.
Gələn il xərclərin strukturunda əhaliyə 5 milyard 4,79 milyon manat məbləğində vəsaitin yönəldilməsi planlaşdırılır. O cümlədən, pensiyaların ödənilməsinə 4 milyard 880,04 milyon manat, müavinətlərin ödənilməsinə 124,75 milyon manat yönəldiləcək.
Pensiya və müavinətlərin verilməsi ilə bağlı bank xidməti xərcləri 32,58 milyon manat, fondun aparatının saxlanılması xərcləri 87,5 milyon manat məbləğində proqnozlaşdırılır.**
Ə.Məmmədov