Azərbaycan 2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilən 9 milyard 381,24 milyon kubmetr qaz ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 20,9% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
Oktyabr ayında Türkiyəyə 1 milyard 102,83 milyon kubmetr Azərbaycan qazı ixrac olunub, bu isə Türkiyəyə qaz ixracının ümumi həcminin 27,29%-ni təşkil edib (2019-cu ilin oktyabr ayı ilə müqayisədə artım 18,33%). Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Azərbaycan cari ilin oktyabr ayında Türkiyəyə qaz ixracının həcminə görə ikinci yerdə qərarlaşmaqla mövqeyini qoruyub. Birinci yerdə Rusiya (50,62%), üçüncü yerdə Əlcəzair (12,83%), dördüncü yerdə Nigeriya (4,41%) qərarlaşıb. Sentyabr ayında üçüncü yerdən İran oktyabr ayının yekunları üzrə 2,41% göstərici ilə altıncı yerə enib.
Azərbaycan mart ayında Türkiyəyə qaz ixracına görə birinci yeri tutub və iyul ayınadək liderliyini qoruyub, avqust ayından isə ikinci pilləyə enib.
Oktyabr ayında Türkiyəyə 4 milyard 41,28 milyon kubmetr qaz (2019-cu ilin oktyabr ayı ilə müqayisədə artım 27,9%) ixrac edilib. 3 milyard 245,83 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 80,3%-i, 2019-cu ilin oktyabr ayı ilə müqayisədə artım 36,2%), 795,46 milyon kubmetr (bütün ixracın 19,7%-i, artım 2,5%) isə LNG-nin payına düşüb.
2019-cu ildə Azərbaycan Türkiyəyə "Şahdəniz" yatağından hasil edilən 9 milyard 584,78 milyon kubmetr qaz (artım 27,3%) ixrac edib.
Azərbaycan qazı Türkiyəyə yalnız “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində ixrac edilir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.**
N.Abbasova