Səudiyyə Ərəbistanınınenergetika naziri şahzadə Əbdüləziz bin Salman 2021-ci ilin mart ayında Azərbaycana səfər edəcək. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkətinin Azərbaycanda inşa edəcəyi külək elektrik stansiyasının təməlinin 2021-ci ilin mart ayında qoyulacağına dair razılığa gəldik. Bu mərasimdə şahzadə Əbdüləziz bin Salmanın da iştirakına ümid edirik”, - Şahbazov bu gün Bakıda elektrik stansiyası layihəsi ilə bağlı müqavilələrin imzalanması mərasimində bildirib.
240 MVt gücündə külək elektrik stansiyası layihəsi ilə bağlı Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkəti arasında üç müqavilə imzalanıb. Həmçinin, Energetika Nazirliyi ilə “İnvestisiya Müqaviləsi”, “Azərenerji” ASC ilə - “Enerji alqı-satqı Müqaviləsi”, “Ötürücü Şəbəkəyə Qoşulma Müqaviləsi” və “Torpaq İcarə Müqaviləsi” sənədləri imzalanıb.
2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələri imzalanıb. Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
Hər iki layihə build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək.
“Masdar” şirkətinin inşa edəcəyi günəş elektrik stansiyası Bakıdan 75 km cənub-qərbdə yerləşəcək və 2022-ci ilədək kommersiya istismarına veriləcək.
Daha əvvəl energetika nazirinin müavini Elnur Soltanov bildirmişdi ki, "ACWA Power” və “Masdar” şirkətləri tərəfindən layihələrin reallaşdırılması iki ilə yaxın vaxt aparacaq.
Bu stansiyaların hər biri mərhələli şəkildə istismara veriləcək və ümumi enerji sisteminə inteqrasiya olunacaq. Layihələrin reallaşdırılmasına ümumi sərmayə qoyuluşu təxminən $400 milyon məbləğində qiymətləndirilir.
Bu iki layihənin reallaşdırılması Azərbaycana illik 300 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bu da ölkə əhalisi tərəfindən il ərzində istehlak olunan qazın ümumi həcminin 10%-ni təşkil edir.
Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1276 MVt-dır ki, bu da ümumi gücün 17%-ni təşkil edir. 2019-cu ilin yekunları üzrə iri su elektrik stansiyaları nəzərə alınmaqla elektrik enerjisi istehsalının faktiki həcmi cəmi 7,9% olub.**
N.Abbasova