Azərbaycanın müdafiə naziri Zakir Həsənov azad edilmiş ərazilərdə intensiv döyüş hazırlığı səviyyəsinin artırılması məqsədilə tədbirlər görməyi tapşırıb.
“Dekabrın 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri və birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib”, - MN-nin məlumatında deyilir.
Müdafiə naziri şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən azad edilmiş ərazilərdə yerləşən bölmələrdə keçiriləcək döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsini tapşırıb.
“Azad edilmiş ərazilərdə aparılan mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri ilə maraqlanan Həsənov döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı komandir-rəis heyətinə konkret göstərişlər verib”, - nazirlikdən vurğulanıb. **
R.Əhmədov