Koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin Azərbaycana idxalı vergidən azad ediləcək.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin verdiyi xəbərə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə III oxunuşda qəbul edilmiş dəyişiklikdə nəzərdə tutulub.
Dəyişikliyə əsasən, koronavirus infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı 2021-ci il yanvarın 1-dən 2 il müddətinə vergidən azad edilir.
Vergi Məcəlləsində edilən digər dəyişiklik iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalının 2021-ci il yanvarın 1-dən 2 il müddətinə vergidən azad edilməsini nəzərdə tutur.*
Ə.Məmmədov