“Bank BTB” Mərkəzi Bankın Ani Ödənişlər Sisteminə (AÖS) inteqrasiya edilib. Bu barədə “Bank BTB”nin məlumatında deyilir.
“Bank filial şəbəkəsi, eləcə də mobil və internet bankçılıq vasitəsilə AÖS üzrə xidmətlər təqdim edəcək”, – deyə məlumatda bildirilir.
Daha əvvəl Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC , “Unibank” KB ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Premium Bank” ASC, “Muğanbank” ASC, “Bank Avrasiya” ASC, “Expressbank” ASC, “AFB Bank” ASC, “Günay Bank” ASC, “Naxçıvanbank” ASC, “Ziraat Bank Azərbaycan” ASC, “Azər-Türk Bank” ASC, “Turanbank” ASC, “Yelo Bank” ASC,” AccessBank” ASC, "Azərpoçt" QSC və “Melli İran Bankı” Bakı filialı AÖS-ə inteqrasiya olunub.
Ani Ödənişlər Sistemi 2020-ci il oktyabrın 1-dən real rejimdə istismara verilib. Əhali və biznes subyektlərinin sistemin imkanlarından daha aktiv istifadəyə cəlb edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən AÖS üzrə göstərilən əməliyyatlarla bağlı iştirakçı təşkilatlardan 1 iyul 2021-ci il tarixinə kimi xidmət haqqı tutulmayacaq. AÖS ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 5-10 saniyə ərzində tam başa çatdırılması imkanını təmin edir. Sistemin yaradılması ilə İsveçrənin «CMA Small Systems AB» şirkəti məşğul olub.
Sistemin funksionallıqlarının tətbiqi nəticəsində fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanı yaradılıb.*
Ə.Məmmədov