2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 402,3 milyon manatlıq ($236,64 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə əməliyyatların həcmi 65,4% azalıb.
Cari ilin noyabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 24,9 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 74,3% azdır. Xarici vətəndaşlar noyabr ayında bank kartları vasitəsilə əməliyyatların həcmini 1,7 milyon manat azaldıblar.
2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 756,8 min turist gəlib ki, bu da ötən ilin 11 ayının göstəricisindən 3,9 dəfə azdır.
2019-cu ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 1 milyard 256,8 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 1,7% azdır.*
B.Rüstəmbəyov