Energetika Nazirliyi Azərbaycanın kommersiya qazının Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya nəqlinə başlanması barədə məlumat verib.
“Azərbaycanın kommersiya qazının TAP vasitəsilə Avropaya tədarükünün başlanması ilə Cənub Qaz Dəhlizinin strateji məqsədinə nail olundu”, - nazirliyin məlumatında deyilir.
Nazirlik qeyd edir ki, Avropaya təbii qazın nəqli tədarük bazarlarını şaxələndirməklə istehsalçı kimi ölkəmizin, mənbə və marşrutları diversifikasiya etməklə isə istehlakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək.
“25 il ərzində Avropa ölkələrinə tədarük ediləcək illik 10 milyard kubmetrdən çox qaz həcminin 8 milyard kubmetri İtaliyaya, 2 milyard kubmetri bərabər şəkildə Yunanıstan və Bolqarıstana, qalan hissəsi isə ətraf bazarlara ixrac olunacaq”, - məlumatda qeyd olunur.
“TAP AG” konsorsiumu 2020-ci il oktyabr ayının 13-də qaz kəmərinin tikintisinin başa çatdığını elan edib. TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.
Qaz kəmərinin ötürmə qabiliyyəti onun gücünü ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Layihənin dəyəri 4,5 milyard avrodur. Səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin ilkin dəyəri $45 milyard təşkil etsə də, daha sonra bu məbləğ $38 milyarda qədər azaldılıb.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Hazırda layihənin bütün 4 komponenti reallaşdırılıb.
10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ilin IV rübündə ixrac edilməsi gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb.**
A.Əzizov