Prezident İlham Əliyev fransız aktyor və rejissor Rober Osseynin vəfatı ilə əlaqədar onun ailəsinə başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Rober Osseynin dolğun səhnə və ekran fəaliyyəti əsnasında canlandırdığı rəngarəng obrazlar, bənzərsiz ifalar, quruluşçusu olduğu çoxsaylı tamaşalar kino və teatr sənətinin parlaq nümunələridir. Unudulmaz sənətkar və səmimi insan Rober Osseynin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”, - deyə başsağlığı məktubunda bildirilir.
Dövlət başçısı vurğulayıb ki, Rober Osseyn Azərbaycanın əsl dostu idi.
“Azərbaycanlı soy-kökləri ilə fəxr edən Rober Osseyn ölkəmizin hüdudlarından kənarda yaşasa da, qəlbən ata yurduna bağlı idi. Məhz bu səbəbdən o, dəfələrlə ölkəmizə səfər etmişdir. Ona Azərbaycanda hər zaman böyük hörmət və rəğbət bəslənilmişdir. Onunla görüşlərimizi və söhbətlərimizi həmişə ən xoş təəssüratlarla xatırlayıram”, - deyə İlham Əliyev qeyd edib.
Rober Osseyn 2020-ci il dekabrın 31-də 94 yaşında koronavirusdan vəfat edib.*
Ə.Məmmədov