Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk bu gün Bakıda 2021-ci ildə iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Görüşdə 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlıq istiqamətləri müzakirə edilib”, – deyə Azərbaycan Prezidentinin saytında məlumat verilir.
Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.
“Bildirilib ki, 2020-ci ildə koronavirus pandemiyasına baxmayaraq, iqtisadi sahədə əlaqələr inkişaf edib. Bu baxımdan keçən ilin sonlarında Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin Rusiyaya, Komissiyanın Rusiya tərəfindən həmsədri Aleksey Overçukun isə hazırda ölkəmizə səfər etməsi bu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirilib”, - deyə məlumatda qeyd olunur.
Aleksey Overçuk Rusiya Federasiyasının prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb.
“Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə