Rusiya hərbi müstəntiqləri Ermənistan-Azərbaycan sərhədində Mi-24 hərbi helikopterinin vurulması faktı ilə bağlı cinayət işinin araşdırılması çərçivəsində azərbaycanlı həmkarlarından yardım istəyiblər. Bu barədə "İnterfaks"a vəziyyətlə tanış olan mənbə məlumat verib.
"Bu işin araşdırılması zamanı bir sıra istintaq hərəkətlərinin həyata keçirilməsi, o cümlədən şübhəli şəxslərin şəxsiyyətinin, eləcə də hadisənin təfərrüatlarının dəqiqləşdirilməsinə zərurət yaranıb. Bununla əlaqədar Azərbaycana beynəlxalq hüquqi yardımın göstərilməsi barədə sorğu göndərilib", - deyə mənbə bildirib.
O qeyd edib ki, yalnız müvafiq materiallar əldə edildikdən sonra rusiyalı hərbi pilotların öldürülməsi faktı ilə bağlı ittiham irəli sürülməsi məsələsi həll olunacaq.
"Söhbət əcnəbi vətəndaşlardan getdiyi üçün Rusiya tərəfi təqsirkarların məsuliyyətə cəlb edilməsi məqsədilə istintaq materiallarını çox güman ki, Bakıya göndərəcək", - deyə mənbə əlavə edib.
O bildirib ki, hazırda Rusiya İstintaq Komitəsinin hərbi müstəntiqləri cinayət işini RF Cinayət Məcəlləsinin ömürlük həbs cəzasını nəzərdə tutan "iki və ya daha çox şəxsin qəsdən öldürülməsi" maddəsi ilə araşdırırlar.
"Yaxın vaxtlarda istintaqın müddəti daha iki ay uzadılacaq", - deyə o qeyd edib.
Daha əvvəl RF Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkovun bildirdiyinə görə, noyabrın 9-da axşam saatlarında Ermənistanın hava məkanında, döyüş bölgəsindən kənarda Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması nəticəsində 2 rusiyalı hərbi qulluqçu həlak olub, 1 nəfər isə yaralanıb.
Hadisə 18:30 radələrində baş verib. Helikopter 102-ci Rusiya hərbi bazasının karvanını Naxçıvan Muxtar Respublikasının (Azərbaycan) sərhədinə yaxın Ermənistanın Yerasx məntəqəsi yaxınlığında hava məkanında müşayiət edirmiş.
Həmin gün axşam Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ münaqişəsi zonasında atəşkəsə dair üçtərəfli bəyanatı imzalanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Mi-24-ün Azərbaycan hərbçiləri tərəfindən Ermənistan ərazisi üzərində təsadüfən vurulduğunu bildirib. "Azərbaycan tərəfi qəza xarakteri daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəli hadisə ilə əlaqədar Rusiya tərəfindən üzr istəyir", - deyə XIN-in bəyanatında qeyd edilib. Eyni zamanda, Azərbaycan tərəfi müvafiq təzminat ödəməyə hazır olduğunu da açıqlayıb.*