2021-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 171,6 milyon barel neft hasil ediləcək. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il büdcəsinə Hesablama Palatasının rəyində bildirilir.
“2021-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağında xam neft hasilatının həcmi 171,6 milyon barel (azalma 1,7%) olması proqnozlaşdırılır ki, bu da hasilatın aşağı düşməsi səbəbindən 2020-ci ilin göstəricisinə nisbətən 3 milyon barel azdır”, – deyə rəydə qeyd olunur.
Energetika Nazirliyinin məlumatına görə, 2020-ci ilin yanvar-noyabr aylarında AÇG yataqlar blokunda neft hasilatının həcmi 21,6 milyon ton təşkil edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları BP (Britaniya - 30,37%), SOCAR (25%), “Chevron” (Amerika - 9,57%), “ExxonMobil” (Amerika - 6,79%), ONGC (Hindistan - 2,31%), “Inpex Corp.” (Yaponiya - 9,31%), “ITOCHU Oil” (Yaponiya - 3,65%), “ Statoil” (Norveç - 7,27%) və TPAO (Türkiyə - 5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir. Neft hasilatı 500 milyon tondan çox həcmdə nəzərdə tutulur.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 21-dən, “Günəşli” yatağının dərinsulu hissəsindən 2008-ci il aprelin əvvəlindən, “Çıraq” yatağının qərb hissəsindən isə 2014-cü il yanvarın 29-dan həyata keçirilir.*
A.Əzizov