Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səfər edə bilərlər. Bu barədə “Henley & Partners” şirkətinin hazırladığı Pasport İndeksində qeyd olunur.
“Azərbaycan reytinqdə 76-cı pillədə qərarlaşıb. Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səfər edə bilərlər”, - deyə 2021-ci ilin I rübü üçün yenilənmiş Pasport İndeksində bildirilir.
Azərbaycan pasportu digər ölkələrin mövqelərindəki dəyişikliklə əlaqədar reytinqdə iki pillə geriləyib.
İndeksdə birinci pillədə Yaponiya (191 ölkə), ikinci pillədə Sinqapur (190 ölkə), üçüncü pillədə Cənubi Koreya (189 ölkə) qərarlaşıb.
2020-ci ilin sonuncu rübü ərzində Rusiya və MDB ölkələrinin mövqelərində böyük dəyişiklik olmayıb.
"Birincisi, koronavirus pandemiyası regionda yerdəyişməyə əhəmiyyətli dərəcədə təsir edib. İkincisi, Mərkəzi Asiyadan olan miqrantlar üçün humanitar və maliyyə böhranı, Gürcüstanda və Qırğızıstanda seçki böhranı, Belarusda xalq üsyanı və Dağlıq Qarabağ müharibəsi də daxil olmaqla regionda müxtəlif miqyaslı sosial-iqtisadi və siyasi gərginlik yaranıb. Nəticə etibarilə, daxili sarsıntılar geosiyasi gərginliyi və qonşu dövlətlərə miqrasiya təzyiqlərini artırıb", - deyə Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun (Helsinki) baş tədqiqatçısı Qriqori Nijnikov hesab edir.*
A.Hüseynova