Azərbaycan prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirən publik hüquqi şəxsdir.
Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək məqsədilə üç üzvdən ibarət Müşahidə Şurası yaradılıb. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir.
Nazirlər Kabinetinə Mərkəzin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini iki ay müddətində həll etmək tapşırılıb.
Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi, o cümlədən müvafiq beynəlxalq öhdəliklərdən irəli gələn xərclərinin ödənilməsi dövlət büdcəsinin vəsaiti, habelə fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir. **
B.Rüstəmbəyov