Azərbaycan İnvestisiya Holdinqinin (AİH) fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 13 milyon manat ayrılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
“2021-ci il dövlət büdcəsindən AİH-ə 13 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
İlk 3 il ərzində AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək. Bundan başqa, holdinqin idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20%-i AİH-ə ödəniləcək.
Prezident İlham Əliyev avqustun 7-də “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Holdinqin nizamnamə kapitalı 10 milyon manatdır.
Holdinqin yaradılmasında məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır.
Holdinqin Müşahidə Şurasının sədri baş nazir Əli Əsədov, İdarə Heyətinin sədri Mətin Eynullayevdir.*
A.Hüseynova