Prezident İlham Əliyev hesab edir ki, 2021-ci ildə dünya bazarlarında neftin qiyməti 50 dollardan aşağı olmayacaq.
“İndi dünya bazarında neftin qiyməti 50 dollardan çoxdur. Əlbəttə, proqnoz vermək çətindir, amma nəzərə alsaq ki, pandemiya, bu il sona çatacaq, - artıq bir çox ölkələrdə peyvəndləmə işləri də gedir, - və beləliklə, iqtisadi fəallıq artacaq, gediş-gəliş artacaq, hava nəqliyyatı və digər sahələr açılacaq, yanacağa daha da böyük tələbat olacaq. Yəni, kifayət qədər böyük ehtimal var ki, neftin qiyməti hər halda 50 dollardan aşağı olmayacaq”, - deyə dövlət başçısı 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın 2021-ci il büdcəsində neftin qiyməti 40 dollar götürülüb və neftin indiki qiyməti müəyyən profisitin yaranmasına imkan verəcək.
“Bunu nəzərə alsaq, bizdə profisit yarana bilər və siz indidən fikirləşin, bu profisit hansı istiqamətlərə yönəldilə bilər. Ola bilər ki, biz Neft Fondundan transfertləri azaldaq, əgər vəsaitə ehtiyac olmayacaqsa. Əgər ərazilərin bərpası üçün nəzərdə tutulan 2,2 milyard manat vəsait kifayət etməzsə, onda ola bilər bu vəsaitdən, yəni, əgər profisit yaranacaqsa, o istiqamətlərdə də istifadə etmək olar. Birinci rübün yekunlarına baxdıqda görəcəyik ki, iqtisadiyyat hansı istiqamətdə gedir və ümumiyyətlə, dünyada hansı proseslər gedir”, - deyə İ.Əliyev vurğulayıb.*
A.Əzizov