Azərbaycan hökuməti COVID-19-la əlaqədar iqtisadiyyata 2,5 milyard manatdan artıq (təxminən $1,5 milyard) dəstək göstərib. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu baş nazir Əli Əsədov deyib.
“COVID-lə mübarizəyə birbaşa olaraq 644 milyon manata qədər vəsait sərf olunub. Bu il üçün isə büdcədə hələlik birbaşa 261 milyon manat nəzərdə tutulub. Lazım olsa, əlavə ehtiyatlarımız var. Nəzərə alsaq ki, biz çox işləri 2020-ci ildə icra etmişik, əlavə xəstəxanalara, modul tipli xəstəxanalara və sairə ehtiyac yoxdur. İqtisadiyyata ümumilikdə təqribən 2,5 milyard manatdan artıq dəstək göstərilib. Xüsusilə işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə biz dörd dəfə 190 manat birdəfəlik ödəmə vermişik. Bu da toplam olaraq 450 milyon manat vəsait deməkdir”, - deyə o, Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Baş nazir əlavə edib ki, koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə ötən il yaradılmış fonda 114 milyon manatdan artıq vəsait yığılıb.*
X.Nəsirzadə