2020-ci ildə OPEC+ məhdudiyyətləri çərçivəsində Azərbaycanda neft hasilatı 8,2% azalıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov deyib.
“OPEC+ məhdudiyyətləri çərçivəsində neft hasilatımız keçən il 8,2% azalıb. Amma, eyni zamanda, qaz ixracı 16,9% artaraq 13,8 milyard kubmetr təşkil edib. 2020-ci il dekabrın 31-dən ilk dəfə TAP vasitəsilə kommersiya qazının Avropaya nəqlinə başlanılıb. Hazırda İtaliyaya gündəlik 10,5 milyon kubmetr, Yunanıstana 2 milyon kubmetr, Bolqarıstana isə 1 milyon kubmetr qaz ixrac edilməkdədir”, - deyə nazir Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı bildirib.
O əlavə edib ki, 2020-ci ildə elektrik enerjisinin ixracı 1,15 milyard kilovat-saat olub.*
A.Əzizov