Prezident İlham Əliyev hökumətə Ermənistanla sərhəddə sərhəd infrastrukturunun qurulması ilə bağlı tapşırıq verib.
“Sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlər aparılmalıdır. Çünki bizim Ermənistanla 100 kilometrlərlə sərhədimiz yaranıb. Yəni, artıq bu sərhəd bizim nəzarətimizə keçib. Orada bütün sərhəd infrastrukturu təşkil edilməlidir. Dövlət Sərhəd Xidmətinə müvafiq göstərişlər verilib”, - deyə dövlət başçısı 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Onun sözlərinə görə, hazırda Dövlət Sərhəd Xidməti Zəngilan-Qubadlı sərhədinin mühafizəsi ilə məşğuldur. Kəlbəcər-Laçın istiqamətində Müdafiə Nazirliyinin qoşunları xidmət göstərirlər.
“Hər halda sərhədin mühafizəsi xüsusi əhəmiyyət daşıyır. Çünki Ermənistanda revanşist qüvvələr var və biz onların bəyanatlarını diqqətsiz qoya bilmərik. Amma hər kəs bilməlidir ki, əgər bizim sərhədimiz pozularsa, onu pozan cəzalandırılacaq və belə təxribatlar bu qüvvələrə çox baha başa gələcək”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident əlavə edib ki, eyni zamanda, Azərbaycan Respublikası İran İslam Respublikası ilə öz sərhədini tamamilə bərpa edib.*
A.Əzizov