Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı siyasətinə yenidən baxmalı, yeni bazarlara çıxmalıdır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Prezident İlham Əliyev belə hesab edir.
“Biz kənd təsərrüfatı ixracına yenidən baxmalıyıq. Ənənəvi bazarlar qalmaq şərti ilə biz yeni bazarlara çıxmalıyıq”, - deyə dövlət başçısı 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
O qeyd edib ki, əgər Rusiya o qadağanı qoymasaydı (2020-ci ilin dekabrında – İF) - o qadağanın bir hissəsi artıq götürülüb, - keçən il ixrac 200 min tona çatacaqdı.
“Biz burada da ixrac potensialımızı şaxələndirməliyik. Çünki bu yaxınlarda Rusiya tərəfindən pomidor ixracına qoyulan qadağa, əlbəttə, bizim üçün çox gözlənilməz olmuşdur. Əgər biz 4-5 il bundan əvvəl və keçən il Rusiyaya pomidor ixracına baxsaq, böyük fərq görərik. Əgər o qadağa qoyulmasaydı, - düzdür, o qadağanın bir hissəsi artıq götürülüb, - keçən il bizim ixracımız 200 min tona çatacaqdı. Həm yeni bazarlar axtarmalıyıq ki, belə xoşagəlməz hallarla üzləşməyək, həm də kənd təsərrüfatı məhsullarının çeşidini artırmalıyıq”, - deyə prezident vurğulayıb.
İ.Əliyev azad olunmuş torpaqlarda kənd təsərrüfatı sektorunun inkişafı məsələsinə də toxunub. “Hesab edirəm ki, azad olunmuş torpaqlarda kənd təsərrüfatı xüsusilə bağçılıq sahəsində çox ciddi inkişaf edə bilər. Çünki meyvə məhsulları istənilən bazarda qəbul olunur. Burada ənənəvi bazarlarımızın iqlimini nəzərə alsaq, əlbəttə ki, bizim meyvəmizlə heç bir başqa meyvə rəqabət apara bilməz. Bağçılıqda, meyvə istehsalında bizimlə heç kim rəqabət apara bilməz”, - deyə o əlavə edib.*
X.Nəsirzadə