Energetika Nazirliyi Qarabağda yaşıl zona konsepsiyasının hazırlanmasına başlayıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Bu istiqamətdə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi ilə müzakirələr aparılmaqdadır. İlkin qiymətləndirmələrə görə, bu ərazilərdə 4000 meqavatdan çox Günəş, 500 meqavatadək külək enerjisi potensialı vardır. Kiçik su elektrik stansiyalarının inventarlaşdırılması işinə başlanılıb. İlkin məlumatlara görə, bu stansiyaların sayı 30-a yaxındır, lakin əksəriyyəti yararsız hala salınıb. Üç stansiyada artıq bərpa işlərinə başlanılıb”, - deyə o, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Nazirin sözlərinə görə, yaşıl enerji layihələrinə xarici investorların cəlb edilməsi üzərində iş aparılır.
“Cəbrayıl rayonu ərazisindəki “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikintisinin başa çatdırılması bu ərazilərin enerji təminatına öz töhfəsini verəcək”, – deyə P.Şahbazov əlavə edib.*
B.Rüstəmbəyov