Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsini təmin etməyə hazırdır, lakin bunun üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağa dair imzaladıqları üçtərəfli Bəyanatın müddəaları yerinə yetirilməlidir.
"Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bu fakta diqqət çəkib ki, üçtərəfli Bəyanatda Azərbaycanı Naxçıvanla birləşdirən dəhliz haqqında bir kəlmə də yoxdur. Bəyanatın doqquzuncu bəndində söhbət regionda iqtisadi və nəqliyyat infrastrukturunun açılmasından və bu kontekstdə Azərbaycanın şərq hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasından gedir", - deyə Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorkyan "Armenpress" agentliyinə bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycan ərazisindən Rusiya və İrana və əks istiqamətdə yüklərin daşınması imkanında maraqlıdır.
“Biz, həmçinin Ermənistanın öz yüklərini Rusiyaya Azərbaycan üzərindən avtomobil və dəmir yolu nəqliyyatı ilə, İrana isə xüsusilə dəmir yolu ilə çatdırılmasında maraqlıyıq. Bu kontekstdə Ermənistan təbii olaraq Azərbaycanın şərq hissəsinin Naxçıvanla əlaqəsini təmin etməyə hazırdır. Bununla belə, bəyanatın girovların, əsirlərin və saxlanılan digər şəxslərin, eləcə də həlak olanların meyitlərinin dəyişdirilməsini nəzərdə tutan 8-ci bəndi tam yerinə yetirilmədən bu məsələlərin tam şəkildə müzakirə edilməsi çətin olacaq. Ermənistan tərəfi döyüş əməliyyatları zonasında axtarış-xilasetmə işlərinin həcminin artırılmasını son dərəcə vacib hesab edir", - deyə Gevorkyan vurğulayıb.
O qeyd edib ki, bu məsələ ilə bağlı Azərbaycandan səslənən bəyanatlar Bakının üçtərəfli Bəyanatla bağlı razılaşmaları yerinə yetirməyə hazır olduğunu şübhə altına alır.*