Prezident İlham Əliyev məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin şəhid ailələrinə verilməsi ilə bağlı qərar qəbul edib.
“Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bu qərarı mən qəbul etdim. Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır”, - deyə dövlət başçısı 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
“Mən bilirəm ki, onlar bu evləri uzun illər idi gözləyirdilər, amma indi torpaqlar azad olunub. Ona görə, keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək çox düzgün qərardır”, - deyə o əlavə edib.
İ.Əliyev Prezident Administrasiyasına köçkünlər arasında onların öz dədə-baba torpaqlarına getmək fikrində olub-olmadıqları ilə bağlı sorğunun keçirilməsini tapşırıb.
“Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar. Buna nail olmaq üçün dövlət əlindən gələni əsirgəməyəcək. Ancaq, eyni zamanda, bizdə rəsmi məlumat olmalıdır. Ona görə bu sorğunun keçirilməsi hesab edirəm ki, bir çox suallara cavab verəcək”, - deyə prezident vurğulayıb.*
X.Nəsirzadə