Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı Dağlıq Qarabağ məsələsində xəyallardan çıxış etməməyə və bölgədə mövcud olan yeni reallığı qəbul etməyə çağırıb.
“Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycanın Qarabağ bölgəsinə Ermənistan rəsmilərinin qanunsuz səfərlərinə haqq qazandırmaq cəhdi və bunun 10 noyabr tarixli üçtərəfli bəyannamənin öhdəliklərinə zidd olmadığını iddia etməsi Ermənistan rəsmilərinin əfsuslar olsun ki, 30 il bundan öncə olduğu kimi, hələ də xəyallardan çıxış etdiyini və bölgədə mövcud olan yeni reallıqdan nəticə çıxarmadıqlarını nümayiş etdirir”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, bu isə o deməkdir ki, Ermənistan rəhbərliyi Qarabağda yaşayan insanları, sülhü və təhlükəsizliyi, rifah şəraitində gələcək birgəyaşayışı deyil, keçmişə yönük, dar siyasi maraqlarını fikirləşir.
“Bu siyasətin Ermənistan üçün nə ilə nəticələndiyi isə göz qabağındadır, - deyə L.Abdullayeva əlavə edib.
Qeyd edək ki, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan Ermənistan xarici işlər nazirinin Qarabağa səfərinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr tarixli üçtərəfli Bəyanatına zidd olması ilə bağlı Azərbaycan XİN-in açıqlamasını əsassız hesab edib.*
A.Əzizov