Azərbaycan hökuməti 2020-ci ilin payız aylarında Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən raket-artilleriya zərbələri nəticəsində dövlət əmlakına və vətəndaşların əmlamkına dəyən ziyanı ilkin olaraq 91 milyon manat (cari məzənnə ilə $53,5 milyon) həcmində qiymətləndirir. Bu barədə baş nazirƏli Əsədovbəyan edib.
“Ümumiyyətlə, bu günədək aparılmış qiymətləndirmə 91 milyon manat təşkil edir. (...) Dağıdılmış və qəzalı evlərin sayı 264 idi. Bu, tam dağıdılmış, o cümlədən 10 çoxmənzilli bina Gəncə şəhərindədir. Ümumi fərdi yaşayış evlərinin sayı 9294-dür. 440 sahibkarlıq obyektinə, 227 nəqliyyat vasitəsinə, digər 18 obyektə, məktəblərə və sosial obyektlərə, 518 kənd təsərrüfatı obyektinə ziyan dəymişdir”, - Əsədov deyib.
Onun sözlərinə görə, dövlət əmlakına - əsasən yol infrastrukturuna, elektrik, rabitə, qaz, su xətlərinə və digər infrastruktur obyektlərinə dəymiş ziyan toplam olaraq təqribən 27,4 milyon manat dəyərləndirilir (cari məzənnə ilə $16,1 milyon).
“Toplanmış materiallara əsasən, vətəndaşlara dəymiş ziyan 63,6 milyon manat həcmində qiymətləndirilir (cari məzənnə ilə $37,4 milyon)”, - baş nazir qeyd edib.
Əsədov vurğulayıb ki, zərər çəkmiş vətəndaşların özlərinin iştirakı ilə 10 min 300-dən artıq obyektə baxış keçirilmiş və qiymətləndirmə aparılmışdır. Həmçinin, o qeyd edib ki, ən çox zərər çəkmiş Tərtər rayonunda dəymiş ziyanın ilkin proqnozdan dəfələrlə çox olduğu nəzərə alınaraq, orada işlər indi də davam etdirilir. **
X.Nəsirzadə