Bu gün səhər Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya danışıqlara getməsinə mane olmağa çalışan müxalifət tərəfdarlarından bir neçə nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə "İnterfaks" agentliyinin müxbiri xəbər verir.
Onlarla müxalifətçi səhər saatlarından etibarən Yerevan aeroportuna gedən yolu bağlayaraq hökumət başçısının kortejinin keçməsinə mane olmağa çalışıb. Polis və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları hökumət əleyhinə aksiyanı dayandırmaq üçün güc tətbiq ediblər.
Bu gün Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi gözlənilir.
Tərəflər üç ölkə liderinin Dağlıq Qarabağ üzrə 9 noyabr tarixli bəyanatının reallaşdırılmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırırlar.*