Azərbaycan Mərkəzi Bankı (AMB) yeni dizaynda 1, 5 və 50 manatlıq əskinasları tədavülə buraxıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılıb. Yenilənmiş pul nişanları hazırda tədavüldə olan eyni nominallı köhnə pul nişanları ilə bərabər hissə-hissə tədavülə buraxılacaq. Hazırda tədavüldə olan köhnə nümunəli pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi sonacan məhdudiyyətsiz istifadə ediləcək”, - deyə məlumatda bildirilir.
AMB xəbərdarlıq edir ki, bir sıra qeyri-bank ödəniş təşkilatları (“Modenis” MMC - “eManat“, “Komtec Ltd.” - “MilliÖN”, “Expressbank” ASC - “Expresspay”) istismar etdikləri nağd pul terminallarının yenilənmiş pul nişanlarına uyğunlaşdırılması proseslərini yekunlaşdırmayıb.
“Bununla əlaqədar əhalinin diqqətinə çatdırılır ki, uyğunlaşdırma proseslərinin yekunlaşmasınadək belə terminallarda köhnə nümunəli pul nişanlarının istifadəsi məqsədəuyğun hesab olunur”, - deyə məlumatda qeyd olunur.
2018-ci ilin may ayında Azərbaycanda 200 manatlıq pul nişanı, 2019-cu ilin mart ayında isə dizaynı yenilənmiş 10 manatlıq pul nişanı tədavülə buraxılıb.
Hazırda Azərbaycanda 1, 5, 10, 20, 50, 100 və 200 manatlıq pul nişanları tədavüldədir.*
Ə.Məmmədov