Müdafiə Nazirliyi bu gün müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin sənədlərinin qəbuluna başlanıldığını elan edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib.
“Bu gündən etibarən Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilərin müraciət və sənədlərinin qəbuluna başlanılıb”, - deyə o bildirib.
Polkovnik qeyd edib ki, nazirlik kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 il müddətinə müqavilə bağlayacaq.
Sənəd qəbulu yanvarın 30-dək davam edəcək.*
X.Nəsirzadə