Dağlıq Qarabağda 22 mindən çox partlayış təhlükəsi olan əşya aşkarlanaraq məhv edilib. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"479 hektardan artıq ərazi minalardan təmizlənib. 182 km yol, 710 bina və tikili yoxlanılıb. Partlayış təhlükəsi olan 22 mindən çox əşya aşkar olunaraq məhv edilib", - deyə Putin bu gün Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevlə üçtərəfli görüş zamanı bildirib.
O xatırladıb ki, bölgədə Beynəlxalq Humanitar Müşahidə Mərkəzi yaradılıb və uğurla fəaliyyət göstərir. Bu mərkəz çərçivəsində üç ölkənin mütəxəssisləri yaşayış məntəqələrində normal həyatın qurulması, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəniyyət abidələrinin qorunması ilə bağlı vacib məsələləri həll edirlər.
Mərkəzin əməkdaşları enerji və istilik təchizatının bərpası ilə məşğul olurlar, Rusiyadan münaqişə zonasına 800 tondan artıq tikinti materialları və bir milyon yarım tondan çox humanitar yük çatdırılıb, əhaliyə tibbi yardım göstərilir.
"Noyabrın 14-dən etibarən 48 mindən çox insan Qarabağa qayıdıb. Rusiyanın vasitəçiliyi ilə əsirlərin və həlak olanların meyitlərinin dəyişdirilməsi həyata keçirilib", - deyə Putin əlavə edib.*