Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüş faydalı olub, tərəflər Dağlıq Qarabağda iqtisadi əlaqələrin və infrastruktur layihələrinin inkişafı üzrə üçtərəfli qrupun yaradılması haqqında bəyanat imzalayıblar.
"Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki biz razılığa gələ bildik və regionda vəziyyətin inkişafı ilə bağlı birgə bəyanat imzaladıq", - deyə Putin Əliyev və Paşinyanla danışıqların yekunları üzrə bildirib.
O izah edib ki, söhbət iqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı ilə bağlı konkret addımlardan gedir.
"Bu məqsədlə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin rəhbərlik edəcəyi işçi qrupu yaradılacaq", - deyə Rusiya prezidenti əlavə edib.
Onun sözlərinə görə, üç hökumətin - Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi işçi qrupu yaradılacaq. Yaxın zamanda onlar işçi ekspert alt qrupları yaradacaq, regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı üzrə konkret planlar təqdim edəcəklər.
"Əminəm ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək", - deyə o, sonda vurğulayıb.*