Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı yeni üçtərəfli bəyanat Bakıya Naxçıvan Respublikası ilə əlaqə yaratmağa, Yerevana isə Rusiyaya dəmir yolu çıxışı əldə etməyə imkan verir. Bunu Prezident İlham Əliyev deyib.
İ.Əliyevin sözlərinə görə, yeni üçtərəfli bəyanat faktiki olaraq keçən il baş verənlərə yekun vurur. "Bu bəyanat bizim regionda tamamilə yeni vəziyyətin yaranmasına – nəqliyyat kommunikasiyalarının bərpasına yönəlib. Bizim üçün bu, böyük əhəmiyyət kəsb edir, çünki beləliklə, 30 ildən artıq müddətdən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq", - deyə Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirib.
Onun sözlərinə görə, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyalarına çıxış əldə olunacaq. “Yəni, bu bəyanat çox böyük perspektivlər açır və əminəm ki, bizim bu gün yaratdığımız İşçi qrupu səmərəli işləyəcək, layihələrin reallaşdırılması barədə bizə vaxtaşırı məruzə edəcəkdir. Orada bir deyil, bir neçə layihə var. Əminəm ki, onlar hamısı reallaşacaq”, – deyə dövlət başçısı vurğulayıb.*