Rusiya Ermənistanın əsas strateji müttəfiqi olub və olmağa davam edəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Sülh prosesinə şəxsi töhfəniz həmişə çox böyük olub. (. . .) Məlum hadisələrdən sonra isə xüsusilə böyükdür. Bütün bu hadisələrin fonunda əminəm ki, Ermənistan ilə Rusiya arasında münasibətlər dərinləşəcək. Rusiya təhlükəsizlik sahəsində də bizim əsas strateji müttəfiqimiz olub və olacaq. Biz təkcə regionun gələcəyini deyil, həm də ikitərəfli münasibətlərdə mövcud olan gündəliyi müzakirə etməliyik", - deyə Paşinyan bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirib.
O, RF prezidenti və Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün Moskvada keçirilmiş üçtərəfli görüşün nəticələrindən məmnunluğunu ifadə edib.
"Şadam ki, danışıqların yekunları üzrə heç olmasa bir nəticə var və bu, az əhəmiyyət kəsb etmir. Əminəm ki, bəyanatda (yanvarın 11-də üç ölkə başçıları tərəfindən qəbul edilmiş - İF) öz əksini tapmış razılaşmaların icrası regionumuzun iqtisadi simasını, investisiya cəlbediciliyini və potensialını ciddi şəkildə dəyişə bilər", - deyə Paşinyan qeyd edib.
Bununla yanaşı, o, Qarabağla bağlı həll olunmamış humanitar məsələlərin fonunda iqtisadi məsələlərin reallaşdırılmasının çətinləşəcəyindən ehtiyatlandığını diqqətə çatdırıb.
"Hərbi əsirlər, itkin düşənlər, həlak olanların meyitlərinin dəyişdirilməsi ilə bağlı humanitar məsələlər bizim üçün ən həssas, ağrılı məsələlərdir. Bu mövqeyi müdafiə etdiyinizə və dəstəklədiyinizə görə Sizə təşəkkürümü bildirmək istərdim", - deyə baş nazir bildirib.*