"ADY Express” MMC Azərbaycandan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə ixrac yönümlü yüklərin nəqlinə start verdi. Bu barədə cəmiyyətdən məlumat verilir.
“ADY Express” Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə “Baku Steel Company” şirkətinin istehsal etdiyi metal konstruksiyaları Türkiyəyə nəql edib. Ümumi olaraq isə 75 vaqonla 5 min ton metal konstruksiyanın nəqli nəzərdə tutulub ki, onlardan ilk 15 vaqon artıq Türkiyəyə çatdırılıb, yüklərin daha bir hissəsi yoldadır”, - məlumatda qeyd olunur.
Şirkətin məlumatına görə, yüklər Bakıdan Türkiyənin Payas stansiyasına çatdırılıb. Metal konstruksiyalar ADY Express-in təqdim etdiyi yarımvaqonlara yüklənərək, Axalkalaki stansiyasına çatdırılıb. Burada Türkiyə dəmir yollarına məxsus vaqonlara aşırılan yüklər daha sonra yolunu davam etdirilib.
«Bakı-Tbilisi-Qars vasitəsi ilə bu cür yüklərin bundan sonra da nəqli nəzərdə tutulur”, - məlumatda deyilir.
2020-ci ildə ADY Express şirkəti Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə ümumilikdə 49,739 min ton yük nəql edib (2019-cu ilin göstəricisi ilə müqayisədə artım 93,4% - İF). Bu yüklərin 97%-i tranzit, 3%-i isə idxal yüklərin payına düşüb. 2019-cu ildə BTQ vasitəsi ilə şirkət 25 722 ton yük nəql etməyə müvəffəq olub.
“ADY Express” MMC “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətidir.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Layihə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçən 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulmasından ibarət olub. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilib.
BTQ-nin ümumi uzunluğu 826 km-dir.**
N.Abbasova