Rəsmi Tehran Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu barədə İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi bəyan edib.
Azərbaycan ilə İran arasında iqtisadi əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.
“Azərbaycanda səfir kimi əsas fəaliyyət istiqamətim ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlib”, - Musəvi Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev ilə görüş zamanı bildirib.
Musəvi Azərbaycanda İran Ticarət Evinin yaradılmasının, İran-Azərbaycan Müştərək Ticarət Palatasının fəaliyyətinin daha səmərəli şəkildə qurulması üçün səylərini artıracağını vurğulayıb.
Həmçinin, səfir məlumat verib ki, Bakıya gəlməzdən öncə Azərbaycanla həmsərhəd olan İranın dörd vilayətinə səfər edib, orada fəaliyyət göstərən sahibkarlarla, ticarət-sənaye palatalarının rəhbərləri, eləcə də, İran Ticarət, Sənaye, Mədən və Kənd təsərrüfatı Palatasının rəhbərliyi ilə görüşüb. “İran sahibkarları Azərbaycanla əlaqələr qurmaqda çox maraqlı olduqlarını bildiriblər”, - Musəvi bildirib.
Öz növbəsində, Musayev işğaldan azad olunan ərazilərin böyük hissəsinin İranla Azərbaycan sərhəddinə düşdüyünü və bunun da həmin ərazilərdə investisiya üçün geniş imkanlar yaratdığını vurğulayıb. **
B.Rüstəmbəyov