İqtisadi-riyazi hesablamalar göstərir ki, kommunikasiyaların açılması və iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi həm regiona, həm də ayrı-ayrı ölkələrə fayda gətirəcək. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, qravitasiya modelinə əsasən kommunikasiyaların açılması nəticəsində Ermənistanın ticarət dövriyyəsində Türkiyənin payı 3%-dən 13%-ə, Azərbaycanın payı isə ilk dövrdə minimumdan 1%-ə qədər arta bilər.
“Eyni zamanda regionda kommunikasiyaların açılması Azərbaycanın ixracını 1,2 milyard manat (cari məzənnə ilə $705,882 milyon), qeyri-neft ÜDM-i 2%, emal sənayesini – 3% və mədən sənayesini 2,7% artıra bilər”, - Qasımlı Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin regionda iqtisadi və nəqliyyat əlaələrinin açılması məqsədilə görüşünün yekunlarını şərh edərkən bildirib.
O qeyd edib ki, ümumi tarazlıq modeli əsasında hesablamalarımız göstərir ki, Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyası isə orta müddətli dönəmdə bütövlükdə qeyri-neft ÜDM-in formalaşmasında 5,1 faiz müsbət təsirə malik olacaq. “Xüsusilə, kənd təsərrüfatında 10,4%, turizmdə 5,5%, mədənçıxarma sənayesində 5,3%, nəqliyyat xidmətlərində 4,9%, emal sənayesində 4,3% və digər xidmətlərdə 1,4% artım ola bilər”, - Qasımlı qeyd edib.
2019-cu ildə Azərbaycanın ixracı $19,6 milyard, 2020-ci ilin yanvar-noyabr aylarında - $13 milyard təşkil edib. **
B.Rüstəmbəyov