Ermənistanda müxalifət baş nazir Nikol Paşinyanın Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin ilə yanvarın 11-də Moskvada keçirilən danışıqların yekunlarını mənfi qiymətləndirir.
“Moskvada Ermənistanın gündəliyi müvəffəqiyyətsizliyə uğradı. Ermənistan gündəliyinin prioritet məsələsi əsirlərin qaytarılması olub, lakin gördüyümüz kimi, Moskvada imzalanan sənəddə əsirlər barədə bir kəlmə belə yoxdur. Moskvada Ermənistan gündəliyinə dair heç bir məsələ müzakirə olunmayıb”, - parlamentin müxalif “Svetlaya Armeniya” fraksiyasının rəhbəri Edmon Marukyan bu gün jurnalistlərə bildirib.
Ermənistan parlamentinin deputatı, müxalif “Procvetayuşaya Armeniya” fraksiyasının üzvü Arman Abovyan jurnalistlərə bəyan edib ki, əsas məsələ - əsirlərin Azərbaycandan qaytarılması öz həllini tapmayıb.
“Əsirlərin qaytarılması ilə bağlı əsas məsələ həll olunmamış qaldığı halda hansı kommunikasiyalar, hansı yollardan söhbət gedə bilər. Məğlub ölkənin rəhbəri heç bir məsələni, əsirlərlə bağlı məsələni həll edə bilmədi, Moskvaya səfərindən öncə isə ucadan bunun əksini bəyan edirdi”, - Abovyan qeyd edib.
“Türkiyə və Azərbaycan arzularını gerçəkləşdirəcək – Ermənistan ərazisindən keçməklə birləşəcək. Məgər bu qələbədir?”, - o bildirib.
Ermənistanın sabiq prezdenti Serj Sarkisyanın rəhbəri olduğu müxalif Respublikaçılar partiyasının vitse-sədri Armen Aşotyan regional kommunikasiyaların açılması üzrə işçi qrupunun yaradılmasını qəribə hesab edib.
“Ya Paşinyan öncədən bu məsələyə əhəmiyyət verməyib və ya problemi həll etmək iqtidarında deyil.Onu hakimiyyətdən uzaqlaşdırmaq lazımdır, yalnız belə olduğu halda problemlər həll oluna bilır. Paşinyan Ermənistanın maraqlarını təmsil etmək iqtidarında deyil”, - Aşotyan yerli KİV-ə bildirib. **