Rusiya, Azərbaycan və Ermənistanın baş prokurorları üç ölkənin liderlərinin dünən Moskvada keçirdikləri danışıqlar zamanı əldə olunan razılaşmaların davam etməsi istiqamətində əməkdaşlığa dair razılığa gəliblər. Bu barədə çərşənbə axşamı “İnterfaks”a RF Baş Prokurorluğundan məlumat verilib.
“Qarşımızda müasir təhdidlər – terrorçuluq, korrupsiya, kibercinayətkarlıq, ekologiya cinayətlərinə qarşı mübarizə, həmçinin vətəndaşların, ilk növbədə ən müdafiəsiz qrupların, həmçinin yetkinlik yaşına çatmayan şəxslərin hüquq və azadlıqlarının təminatı üzrə ümumi vəzifələr durur”, - Rusiyanın baş prokuroru İqor Krasnov Moskvada Azərbaycanın baş prokuroru Kamran Əliyev və Ermənistanın baş prokuroru Artur Davtyan ilə üçtərəfli görüş zamanı bildirib.
“Heç bir dövlət təkbaşına transmilli cinayətkarlıqla mübarizə aparmaq iqtidarında deyil. Bu istiqamətdə səmərəli iş üçün hər bir prokurorun bilik və səyləri vacibdir”, - o qeyd edib.
Məlumatda vurğulanır ki, Azərbaycan və Ermənistanın baş prokurorları həm ikitərəfli, həm də üçtərəfli görüşlərdə iştirak ediblər. **