Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Qazaxıstanda keçirilən parlament seçkilərində “Nur Otan” Partiyasının qələbəsi münasibətilə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevi təbrik edib.
“Lideri olduğunuz “Nur Otan” Partiyasının Qazaxıstanda keçirilmiş parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə Sizi öz adımdan və Yeni Azərbaycan Partiyası adından ürəkdən təbrik edirəm. Qurucusu olduğunuz və başçılıq etdiyiniz partiyanın bu qələbəsi Qazaxıstanın rifahı naminə həyata keçirdiyiniz ümummilli siyasətə, çoxşaxəli fəaliyyətinizə verilən yüksək qiymətin ifadəsi, xalqınızın Sizə olan inam və etimadının bariz təzahürüdür”, - Əliyev təbrik məktubunda qeyd edib. Məktubun mətni dövlət başçısının saytında dərc olunub.
Həmçinin, prezident əlavə edib ki, Azərbaycan ilə Qazaxıstanı ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanan strateji tərəfdaşlıq münasibətləri birləşdirir.
“İnanıram ki, bu xoş ənənələrə əsaslanan Azərbaycan-Qazaxıstan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək”, - prezident vurğulayıb. **
X.Nəsirzadə