Azərbaycan Avropa bazarına və Körfəz ölkələrinə pomidor ixrac etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
“AZPROMO-da pomidor ixracatçıları ilə görüş keçirilib. Görüşdə Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndələri, 20-dən çox şirkətin nümayəndəsi və 40-a yaxın fərdi sahibkar iştirak edib”, - deyə məlumatda bildirilir.
Görüşdə Körfəz və Avropa ölkələrinə pomidor satışının həyata keçirilməsi istiqamətində işlərin başlanıldığı bildirilib.
Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 6-da kənd təsərrüfatı məhsullarının, o cümlədən pomidorun ixrac potensialının şaxələndirilməsinin zəruriliyini bəyan edib. “Biz ixrac potensialımızı şaxələndirməliyik. Çünki bu yaxınlarda Rusiya tərəfindən pomidor ixracına qoyulan qadağa, əlbəttə, bizim üçün çox gözlənilməz olmuşdur. Əgər biz 4-5 il bundan əvvəl və keçən il Rusiyaya pomidor ixracına baxsaq, böyük fərq görərik. Əgər o qadağa qoyulmasaydı, - düzdür, o qadağanın bir hissəsi artıq götürülüb, - keçən il bizim ixracımız 200 min tona çatacaqdı. Həm yeni bazarlar axtarmalıyıq ki, belə xoşagəlməz hallarla üzləşməyək, həm də kənd təsərrüfatı məhsullarının çeşidini artırmalıyıq”, - deyə dövlət başçısı vurğulayıb.
Hazırda Rusiya Azərbaycan pomidorunun əsas ixrac bazarıdır. 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan $167 milyon 802,36 min dəyərində 154,98 min ton pomidor ixrac edib. 2020-ci ilin 9 ayı ərzində Rusiyaya $166 milyon 600,8 min dəyərində 152,212 min ton pomidor (bütün ixracın 98,2% - İF) ixrac edilib. 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 14,8%, dəyər ifadəsində 17,7% artıb.*
B.Rüstəmbəyov