2020-ci ilin noyabr ayında yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə 20 milyon manat ($11,8 milyon) əlavə ödənilib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
“Bakı şəhəri üzrə 33, respublikanın digər şəhər və rayonları üzrə 78 dövlət tibb müəssisəsinin 13641 nəfər tibb işçisinə və 3114 nəfər qeyri-tibb işçisinə noyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 20 milyon manat müddətli əlavə ödənilib”, - deyə məlumatda bildirilir.
Əlavələr aşağıdakı qaydada ödənilib:
- Tibbi profilaktik tədbirləri həyata keçirən 2832 nəfər tibb işçisinəaylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 2,3 milyon manat ödənilib.
- Təcili tibbi yardım xidməti göstərən 3871 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 522 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 6,1 milyon manat ödənilib.
- Pasiyentlərə stasionar tibbi xidmət göstərən 6416 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 9,3 milyon manat ödənilib.
- 3114 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2,3 milyon manat müddətli əlavə verilib.
Məlumata görə, ötən ilin mart ayında 11,7 milyon manat, apreldə 13,9 milyon manat, mayda 13,7 milyon manat, iyunda 18 milyon manat, iyulda 20 milyon manat, avqustda 17,2 milyon manat, sentyabrda 13,8 milyon manat, oktyabrda 13,5 milyon manat əlavə ödənilib.
Beləliklə, 2020-ci ilin mart-noyabr aylarında bu məqsədlərə 141,8 milyon manat ($83,4 milyon) yönəldilib.*
X.Nəsirzadə