1 dekabr 2020-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 703,5 manat ($413,8) təşkil edir ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 12,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 noyabr 2020-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 704,5 manat ($414,4), 1 oktyabr tarixinə 706,6 manat ($415,6), 1 sentyabr tarixinə 710,2 manat ($417,8) təşkil edib.
2020-ci il dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 684,5 min nəfər (noyabrın 1-nə 1 milyon 685,3 min nəfər) olub ki, bu da bir il əvvəllə müqayisədə 40,2 min nəfər və ya 2,4% çoxdur. Onlardan 917,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 766,7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,7%-i təhsil, 18,2%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.*
B.Rüstəmbəyov