Azərbaycan Qarabağda tarixi-mədəni və dini irsin məhv edilməsinə görə dəymiş ziyanı Ermənistanın ödəməsinə nail olmaq niyyətindədir. Bunu mədəniyyət naziri Anar Kərimov deyib.
“Biz beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik. İstəyirik ki, bütün dünya erməni vəhşiliyinin şahidi olsun. Ermənilərin törətdiyi bütün cinayətləri sənədləşdirmək üçün ekspertlər hər yeri gəzib qeydiyyat aparmalıdırlar ki, gələcəkdə bu faktları beynəlxalq məhkəmələrə təqdim edək. Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir”, - deyə o, AZƏRTAC-a müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, həmin ərazilərdə maddi-mədəni, tarixi abidələrin monitorinqi, inventarlaşması başa çatdıqdan sonra abidələrin konservasiyası, bərpası üçün yol xəritəsi hazırlanacaq.
“Bu işdə bizə həm yerli, həm də xarici ekspertlər kömək etməlidirlər. İlk olaraq mədəniyyətimizin beşiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərindən başlamağı planlaşdırırıq. Təbii ki, Ağdam, Füzuli və digər azad edilmiş ərazilərdəki tarixi-mədəni abidələr, mədəniyyət müəssisələri də bərpa olunacaq”, - deyə A.Kərimov qeyd edib.
O əlavə edib ki, Şuşada keçiriləcək tədbirlərlə bağlı plan hazırlanır. “Bu il Şuşada iki tədbir - "Xarı bülbül" festivalı və Molla Pənah Vaqif poeziya günlərinin keçirilməsi nəzərdə tutulub”, - deyə mədəniyyət naziri bildirib.*
X.Nəsirzadə