Azərbaycan ICESCO-nun ölkədə regional mərkəzinin açılmasında maraqlıdır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu İlham Əliyev bu gün Bakıda ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşdə bildirib.
“ICESCO-nun Azərbaycanda regional mərkəzinin açılması məsələsi son 3-4 il idi müzakirə olunurdu və biz bu müzakirələrə yenidən nəzər salmaq istəyirik. Əgər müsbət irəliləyiş olsa, düşünürəm ki, biz bunu çox tezliklə edə bilərik. Bu, bizim üçün və İslam həmrəyliyinin güclənməsinə, İslam mədəni irsinin qorunmasına töhfə verən bütün insanlar üçün çox mühüm əhəmiyyət kəsb edəcək”, - deyə dövlət başçısı qeyd edib.
Salim bin Məhəmməd əl-Malikqəbula görə təşəkkürünü bildirib və işğaldan azad edilmiş ərazilərdə mədəni-dini abidələrin dağıdılmasından sarsıldığını vurğulayıb.
“Biz işğaldan azad edilmiş ərazilərə səfər etdik və əvvəllər heç vaxt görmədiyimiz bir faciəni gördük. Tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər, bu, tamamilə qeyri-insani əməldir və heç bir ölçüyə sığmır. Bu, bəşəriyyət əleyhinə cinayətdir”, - deyə o qeyd edib.
Daha sonra ICESCO-nun baş direktoru Qələbə münasibətilə Prezident İlham Əliyevə xatirə hədiyyəsi olaraq qılınc təqdim edib.*
X.Nəsirzadə