Cənub Qaz Dəhlizi (CQD) Azərbaycan qazının Avropaya tam gücü ilə ixrac səviyyəsinə 2022-ci ildə çatacaq. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
"Azərbaycan qazı artıq CQD ilə Avropa İttifaqı ərazisinə daxil olur. Biz alıcılar qarşısındakı öhdəliklərimizi uğurla yerinə yetiririk. Bu baxımdan hər şey plana uyğun gedir, yəni, gələn il plato səviyyəsinə çatana qədər həcmlər tədricən artırılacaq", - deyə Əhmədov bildirib.
O əlavə edib ki, plato səviyyəsi dedikdə, CQD ilə Avropaya illik 10 milyard kubmetr, Türkiyəyə isə illik 6 milyard kubmetr qaz ixracı nəzərdə tutulur.
"Kommersiya nöqteyi-nəzərindən bu il üçün CQD ilə qaz ixracı ilə bağlı konkret proqnoz dərc etmirik", - deyə Əhmədov vurğulayıb.
SOCAR-ın nümayəndəsi, həmçinin qeyd edib ki, hazırda CQD-nin doldurulması üçün xaricdən əlavə qaz həcmlərinin alınması məsələsi nəzərdən keçirilmir.
“Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Avropaya nəql CQD-nin sonuncu seqmenti olan və illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən Trans-Adriatik qaz kəməri (TAP) ilə həyata keçirilir.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin ilkin dəyəri $45 milyard təşkil etsə də, daha sonra bu məbləğ $33 milyarda qədər azaldılıb.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.*
N.Abbasova