Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli göüşünün əsas nəticələri barədə Ərdoğanı məlumatlandırıb”, - deyə məlumatda bildirilir.
Vurğulanıb ki, Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılması niyyətini təsdiqləməsi, dinc həyatın qurulması, təsərrüfat və nəqliyyat əlaqələrinin bərpasında qarşılıqlı fəaliyyətə hazır olması aparılan danışıqların əsas nəticələrindən biri olub.
"Dağlıq Qarabağ ətrafında vəziyyətin ümumi sabitləşməsi nəzərə alınmaqla, bu istiqamətdə bir sıra vacib addımların razılaşdırılmasına nail olunub", - deyə mətbuat xidmətindən qeyd ediblər.
Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Rusiyaya dəstəyini ifadə edib, bu məsələyə dair fəaliyyətdə, o cümlədən regionun iqtisadi inkişafı və qarşılıqlı səmərəli layihələrin irəliləməsi baxımından Rusiya və Türkiyə arasında koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib.
“Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşmasının bəzi aspektlərinə xüsusi olaraq toxunulub”, - deyə məlumatda qeyd olunur.*