İri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində Azərbaycana mal və materialların idxalı 2021-ci il yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumundan azad edilir.
Bu qərar Nazirlər Kabineti tərəfindən qəbul edilib.
Qərara əsasən, bu güzəştlər xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan neft emalı zavodlarının yenidən qurulması üçün ölkəyə gətirilən mal və materiallara şamil edilir.
Hazırda Bakı Neft Emalı Zavodu (BNEZ) Azərbaycanda bu tələbə cavab verən yeganə müəssisədir. BNEZ-də modernləşdirmə və yenidənqurma üzrə $2,2 milyard dəyərində irimiqyaslı layihə həyata keçirilir. Layihənin 2024-2025-ci illərdə başa çatdırılması planlaşdırılır.
BNEZ SOCAR-ın strukturuna daxildir.
Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı 2021-ci il yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumundan azad edilib.*
Ə.Məmmədov