Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Azərbaycanda quşçuluğun inkişafı mövzusunda video-konfrans keçirilib. Bu barədə Konfererasiyadan məlumat verilir.
Qeyd olunub ki, ölkəmizin ərzaq təhlükəsizliyi, daxili istehsal hesabına özünü təmin etməsində böyük irəliləyişlər var.
“Azərbaycan yumurta ilə özünü tam təmin edir, quş ətində isə 25% idxaldan asılılıq qalır. Hesab edirəm ki, quş ətinə olan daxili tələbatı da təmin etməyə imkan verən potensial mövcuddur və Azərbaycan Sahibkarlar Konfederasiyası bu sahədə Türkiyə təcrübəsinin öyrənilməsində iş adamlarına geniş dəstək verir”, –Konfederasiyanın prezidenti Məmməd Musayev qeyd edib.
ASK-nın vitse-prezidenti Zakir Əzimov son iki ildə quş əti istehsalının 10 min ton azalmasına diqqət çəkərək, xaricdən idxalın 38 min tona qədər artdığını bildirib.
Məlumata əsasən, müzakirələr nəticəsində Musayevin sədrliyi ilə işçi qrup yaradılıb və sahibkarlardan toplanan təkliflər əsasında bir həftə ərzində hökumətə və müvafiq qurumlara müvafiq təkliflər paketinin təqdim edilməsi qərara alınıb. **
Ə.Məmmədov